Yığıncaqda Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov, nazirlik və federasiya əməkdaşları, o cümlədən məşqçi və idmançılar iştirak ediblər. Gündəlikdə duran məsələlər federasiyanın fəaliyyəti, görülən işlərin müzakirəsi, eləcə də federasiyaya yeni sədrin seçilməsi olub.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək deyib ki, ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərir. Dövlət başçısının atdığı addımlar sayəsində Azərbaycan idmanı böyük inkişaf yolu keçib, beynəlxalq aləmdə yüksək nailiyyətlər qazanılıb, ölkəmiz nüfuzlu turnirlərin keçirildiyi məkana çevrilib. Dövlət siyasətinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da bədən tərbiyəsi və idmanın davamlı inkişafı üçün mühüm işlər görülür, gənclərin sağlam həyat tərzinə cəlbi diqqət mərkəzində saxlanılır. İdmançılarımız ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir. Təkcə, cari ilin ötən dövründə ölkə, beynəlxalq miqyaslı yarışlar, Avropa və dünya çempionatı və kuboklarından 62 qızıl, 58 gümüş və 77 bürünc medal əldə olunub. Nazirliyin aid dövlət qurumları, eləcə də idman federasiyaları ilə davamlı olaraq əməkdaşlıq etdiyini, qarşılıqlı əlaqələrin inkişafı yönündə işlərin davam etdirildiyini deyən Məcid Seyidov Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti haqqında da danışıb. Qeyd olunub ki, 2002-ci ildə yaradılmış federasiyanın muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə edən 46 məşq qrupunda 630 nəfər yeniyetmə və gənc aktiv şəkildə bu idman növü ilə məşğul olur. Federasiyanın mövcudluğu bu idman növündə kütləviliyin yaradılması, istedadlı idmançı nəslinin yetişməsi, məşqçi və hakim bazasının formalaşmasına səbəb olub. Naxçıvanda köklü voleybol ənənələrinin bu gün də yaşadıldığını diqqətə çatdıran nazir müavini əlavə edib ki, mövcud potensiallar bu sahədə daha artığını etməyə imkan verir, böyük hədəf və nəticələr üçün əlverişli zəmin yaradır və birgə səylər nəticəsində bu sahədə daha dinamik və effektiv vəziyyət yaratmaq olar.
Federasiyanın sədr müavini Aydın Mirzəyev qurumun ötənilki fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.
Sonra səsvermə olub. Naxçıvan Baş Gömrük idarəsinin rəisi Vüqar Əliyevin federasiyanın sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Vüqar Əliyev Naxçıvan Voleybol Federasiyasının sədri seçilib.
Federasiyanın yeni sədri göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək, federasiya kollektivi ilə birgə Naxçıvan voleybolunun inkişafı və uğurlu gələcəyi üçün maksimum çalışacaqlarını bildirib. Vüqar Əliyev mövcud vəziyyətin analizi və mütəxəssislərlə müzakirələrdən sonra fəaliyyət strategiyasının hazırlanacağını diqqəttə çatdırıb. Muxtar respublikada bu idman növünün dirçəlişi üçün Azərbaycan Voleybol Federasiyası, aid dövlət qurumları və idman təşkilatları ilə işgüzar əlaqələr qurulucağını, birgə fəaliyyət konteksində addımlar atılacağını vurğulayıb.
Məcid Seyidov federasiyanın sədrinə uğurlar arzulayaraq işgüzar əlaqələrin daha da güclənəcəyinə, birgə və məqsədyönlü fəaliyyət sayəsində voleybolun inkişafı yolunda yeni uğurların əldə olunacağına inamını ifadə edib.
Çıxışlardan sonra gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti